“Bakı Sukanal” İdarəsi, keçmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə verilmiş 18.03.2011-ci il tarixli 17 saylı əmrlə, Bakı Su Kəməri İstismar İdarəsi və Bakı Kanalizasiya Xidməti İdarəsinin bazasında yaradılmışdır.
İdarənin əsas vəzifələri və fəaliyyət istiqamətləri mənbələrdən alınan içməli suyun müəyyənləşdirilmiş məntəqələrdə qəbul olunaraq magistral xətlər, mərkəzi nasos stansiyaları və anbarlar vasitəsilə rayon sukanal idarələrinin şəbəkələrinə çatdırılması, tullantı və yağış sularının kollektorlar, kanalizasiya-nasos stansiyaları və digər mühəndis-texniki qurğular vasitəsilə nəql edilməsi, tullantı suların təmizləyici qurğular və aerasiya stansiyalarında normativlərə uyğun emal edilərək axıdılması, balansda olan su kəmərlərinin, mərkəzi su nasos stansiyaları və anbarlarının, kanalizasiya kollektorlarının və mühəndis-texniki qurğuların, kanalizasiya nasos stansiyalarının və təmizləyici qurğuların istismarından ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Agentliyinin fəaliyyətinin təmin edilməsilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 saylı Fərmanının 5.2 yarımbəndinə əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxs üzrə 21.06.2024-cü il tarixli, 09 saylı əmrlə, “Bakı Sukanal” İdarəsi, Xidmətin tərkibində struktur vahid olaraq təsis edilmişdir.
İdarə tərəfindən 2130 km2 sahəsi olan ərzidə ümumi uzunluğu 923 kilometr magistral su kəmərlərinə, 371 kilometr kanalizasiya və yağış kollektorlarına, ümumi tutum həcmi 1.101.720m3 olan 23 mərkəzi su anbarı və nasos stansiyasına, 76 kanalizasiya-nasos stansiyasına, 9 təmizləyici qurğu və aerasiya stansiyasına istismar xidməti göstərilir.
AZ 1130 Bakı, Azərbaycan Bakı şəhəri, İbrahimpaşa Dadaşov küç. 324 Tel: (+99412) 565-36-87 Fax:(+99412) 565-36-89