ADSEA Bakı KOB Evində sahibkarlarla görüş keçirib

01 Oktyabr, 2025

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bakı KOB Evində sahibkarlarla görüş təşkil edib.

Tədbir çərçivəsində KOB-ların yaşıl keçidi və su resurslarından səmərəli istifadə mövzuları müzakirə olunub. Həmçinin Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə, “Su həyatdır” layihəsi, ADSEA tərəfindən göstərilən xidmətlər barədə bukletlər, məlumat kitabçaları, Brayl əlifbasında hazırlanan vəsaitlər və qoşulma proseslərinə dair video-rolik təqdim edilib.

Görüşdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən KOB-ların su istifadəsinin səmərəliliyinin artırılması, su şəbəkəsinə qoşulmalarla bağlı cari dövrün hesabatları və ADSEA xidmətlərinin KOB Evlərində tətbiqi üsulları da iştirakçılara çatdırılıb.

ADSEA sədrinin müavini İlham Bayramov isə tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması qaydalarındakı üstünlüklər barədə danışıb. Onun sözlərinə görə, vətəndaş məmnunluğunu təmin etmək üçün vahid pəncərə prinsipi tətbiq olunur:
“Vətəndaşın ASAN xidmət, ASAN kommunal, KOB Evləri və elektron su portalına etdiyi müraciətə 30 təqvim günü ərzində cavab verilir. Proses şəffaf aparılır və prosedurların sayı 13-dən 3-ə endirilib. Rəylər avtomatlaşdırılmış sistem vasitəsilə verilir”, – deyə o vurğulayıb.

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov çıxışında qeyd edib ki, sahibkarlıq subyektlərinin su təchizatına qoşulması istiqamətində KOBİA ilə ADSEA-nın əməkdaşlığı yüksək səviyyədə davam edir:
“Bu tədbir də ənənəvi görüşlərdən biridir. Aparılacaq müzakirələr problemlərin həllinə yönəlib”, – deyə o bildirib.

Digər