ADSEA-nın Nəqliyyat və Xüsusi Texnika İdarəsində nümunəvi obyekt mülki müdafiə təlimi keçirilib

16 Oktyabr, 2025

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 2025-ci ilin Mülki müdafiə tədbirlər planına əsasən Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 2 №-li Avtoparkının ərazisində mülki müdafiə qüvvələrinin iştirakı ilə Ulu Öndərin müəllifi olduğu “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” şüarı altında təlim keçirilib. Təlimə İdarənin mülki müdafiə üzrə rəhbəri (FHK, MMQ), komandir-rəis heyətləri, mülki müdafiə dəstələrinin şəxsi heyəti, ümümilikdə 60 nəfər və həmçinin 10 ədəd müxtəlif təyinatlı texnika cəlb edilib. O cümlədən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri və nəqliyyat texnikası təlimdə yaxından iştirak edib.

ADSEA-nın MMQ-nin rəis müavini, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mülki Müdafiə Qərargahının rəisi, təlimin rəhbəri Cahangir Şərifov bildirib ki, nümunəvi obyekt mülki müdafiə təliminin keçirilməsində məqsəd işçilərin həyat və təhlükəsizliyinin təmin edilməsi prosesinə yaxından dəstək göstərməkdir. Mülki müdafiə qüvvələrinin daim yüksək hazırlıq vəziyyətində saxlanılması, fövqəladə hallarda mühafizə işləri və digər mülki müdafiə tədbirləri həyata keçirərkən fəaliyyət qaydalarının əməli surətdə öyrədilməsi, xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətin qərar qəbul etmək bacarığının və MM dəstələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi vacibdir. 

Təlim prosesində mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, avtomobil nəqliyyatı və xüsusi mexanizmlərdə, həmçinin təmir emalatxanasında yanğının söndürülməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və işçilərin təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə əlaqədar tapşırıqları yerinə yetiriblər. Təlimdə Xidmətin mülki müdafiə qüvvələri ilə Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Sonda təlimin nəticələri təhlil edilib, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinə müvafiq tövsiyələr verilib.

Digər