İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində 9 ayın hesabatına dair iclas keçirilib

14 Oktyabr, 2025

ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində 2025-ci ilin doqquz ayı ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

İclasda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov, sədrin müavinləri, Xidmətin şöbə və sektor müdirləri, o cümlədən sukanal idarələrinin rəisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tahir Xəlilov bildirib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın bütün sahələrində ardıcıl inkişaf təmin olunub, ölkəmizin daxili və xarici siyasətinin uğurlu nəticələri xalqın rifahının yüksəlməsinə geniş miqyasda təsir göstərir.

Dövlətimizin beynəlxalq aləmdə nüfuzu məhz cənab Prezidentin uğurlu siyasətinin qarşılığında durmadan artmaqdadır. Su təchizatı xidmətinin də bu tendensiyanın dinamikasına uyğun şəkildə fəaliyyət göstərməsi əsas məqsədimizdir. Bu məqsədə doğru məsuliyyətlə, peşəkarcasına, ləyaqətlə irəliləmək həm bir fərd, həm də işçi kimi hər birimizin borcudur. Diqqətinizə çatdıraq ki, hər bir şöbənin açıqladığı 9 aylıq hesabat analiz edilməli, hansı səbəbdən baş verməsindən asılı olmayaraq yaranmış nöqsanlar tez müddətdə aradan qaldırılmalı, müsbət işlər qiymətləndirilməli və daha da inkişaf etdirilməlidir.

Tahir Xəlilov ötən dövr ərzində Xidmətin fəaliyyətinin bir sıra mühüm hadisələrlə yadda qaldığını da xatırladıb və bildirib ki, ötən 9 ay ərzində keçirilən Formula-1 yarışları və MDB Oyunları zamanı gələn qonaqların yerləşdiyi və oyunların keçirildiyi ərazilərdə xüsusi operativ qərargahlar yaradıldı. Bu qərargahlar tədbirlərin təhlükəsiz və problemsiz keçirilməsini təmin etmək məqsədilə fəaliyyət göstərdi. Eyni zamanda, su və kanalizasiya xətlərinin vəziyyətinə xüsusi diqqət yetirildi, onların fasiləsiz və problemsiz işləməsi üçün daim nəzarət həyata keçirildi. Bu tədbirlər nəticəsində heç bir qəza və ya nasazlıq qeydə alınmadı, oyunlar və tədbirlər uğurla tamamlandı.

Bundan başqa Bakıda keçirilən “Xəzər dənizində suyun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidməti üzrə saziş”inin imzalanması da mühüm hadisələrdən biridir. Layihəyə əsasən dənizdən saniyədə 3,5 kubmetr içməli suyun əldə olunması nəzərdə tutulur. Bu da regionda su ehtiyatlarının səmərəli idarə olunmasına və içməli su təminatının yaxşılaşdırılmasına töhfə verəcək.

Bütün bu fəaliyyətlər və tədbirlərin yüksək səviyyədə təşkili vətəndaşların social rifahının daha da yaxşılaşdırılmasına, əhalinin məmnunluğuna nail olmaqdır.

İclasda xidmətin şöbə müdirləri tərəfindən hesabatlar təqdim olunub, görülmüş işlər, əldə olunmuş nəticələr və perspektiv planlar müzakirə olunub.

İclasın sonunda iştirakçılar tərəfindən bir sıra təkliflər səsləndirilib, müzakirələr aparılıb, növbəti dövr üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Digər