Tələbələr Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksinə baxış keçiriblər

15 Oktyabr, 2025

Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin Kimya mühəndisliyi və Ekologiya kafedrasının tələbələri və müəllimlərindən ibarət heyəti ilə Pirşağı Tullantı Sutəmizləyici Qurğularında təcrübə gəzintisi təşkil olunub.

Universitetin əlaqədar ixtisaslar üzrə bakalavriat və magistratura pillələrində təhsil alan tələbələri, həmçinin onları müşayiət edən pedaqoji heyət İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nəzdində fəaliyyət göstərən Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olublar, istismarçı mütəxəssislər tərəfindən tullantı sularının müasir emal proseslərinin mexaniki, kimyəvi və bioloji pillələri barədə məlumatlandırılıblar. Pirşağı TSQ-nin müasir tipli laboratoriyası və SCADA idarəetmə sistemi gənc mühəndislər tərəfindən xüsusi maraqla qarşılanıb.

Hazırda Sumqayıt Dövlət Universitetində “Çirkab suların təmizlənməsi” və “Çirkab suların təmizlənməsi qurğularının hesablanması və layihələndirilməsi” fənləri ADSEA əməkdaşları tərəfindən tədris olunur. Dərslər ADSEA əməkdaşlarının ərsəyə gətirdiyi “Tullantı sutəmizləyici qurğuların istismarı” tədris vəsaiti əsasında həyata keçirilir.

Gələcəkdə bu tipli təcrübə gəzintilərinin davam etdirilməsi nəzərdə tutulur.

Digər